Mədinə əhlinə və (onun) ətrafındakı bədəvi ərəblərə (cihad zamanında) Allahın Peyğəmbərindən boyun qaçırmaları və ya (səfər zamanı və döyüş təhlükələri vaxtı) özləri ilə məşğul olaraq ondan üz çevirmələri yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından rəva deyildir). Bu, ona görədir ki, Allah yolunda onların düçar olduqları hər bir susuzluq, əziyyət və aclığın, eləcə də kafirlərin qəzəbinə səbəb olacaq hər bir yerə qədəm basmalarının və düşməndən əldə etdikləri hər bir bəhrənin (onları öldürmək və əsir etməyin) mükafatı olaraq onlar üçün bir saleh əməl yazılır. Həqiqətən Allah yaxşı iş görənlərin mükafatını zay etməz.