Şübhəsiz, sənin Rəbbin bilir ki, sən gecənin üçdə ikisinə yaxın, (bəzən) onun yarısını, (bəzən də) onun üçdə birini (namaz və ibadət üçün) durursan və səninlə olan kəslərdən bir dəstə də həmçinin. Gecəni və gündüzü (yerin günəş ətrafında hərəkətini tənzimləməklə) ölçüyə salan Allahdır. O bilir ki, siz əsla onu (gecənin üçdə iki, yarı və üçdə bir hissəsini bütün fəsillərdə dəqiqliklə) ətraflı hesablaya bilməyəcəksiniz, beləliklə sizə nəzər yetirdi (və rüsxət verdi). İndi isə, siz (gecə namazından və) Qurandan müyəssər olanı oxuyun. O bilir ki, tezliklə sizdən bəzisi xəstələnəcək, digər bir dəstə Allahın ruzisini diləmək üçün səfərə çıxacaq və başqa bir dəstə də Allah yolunda vuruşacaqdır. Elə isə (gecələr) Qurandan (sizə) müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyir əməli Allah yanında daha gözəl və mükafat baxımından daha böyük tapacaqsınız. Allahdan bağışlanmaq diləyin, çünki, Allah çox bağışlayan və mehribandır.