Musa öz qövmündən (onların arasından) Bizim vədələşdiyimiz yer(ə qövmü buzova pərəstiş etməmişdən qabaq Tövratın nazil olması vəd edilən yerə və ya buzova pərəstişdən sonra tövbənin qəbul ediləcəyi yerə gətirmək) üçün yetmiş kişi seçdi. Beləliklə (səs eşitməklə kifayətlənməyib Allahı görmək istədikləri vaxt), o şiddətli titrəyiş onları bürüyəndə (və onların hamısı öləndə, Musa) dedi: «Ey Rəbbim, əgər istəsəydin onları və məni bundan əvvəl həlak edərdin. Bizi ağılsızlarımızın etdikləri şeyə görəmi həlak edəcəksən? Bu, Sənin sınağından başqa bir şey deyildir. İstədiyini onunla azdırır və istədiyini onunla hidayət edirsən. Sən bizim yardımçı və başçımızsan. Bizi bağışla və bizə rəhm et ki, Sən bağışlayanların ən yaxşısısan».