Və Biz (Cəhənnəm) odun(un) məmurlarını yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi üçün (on doqquz) etdik ki, özlərinə kitab verilmiş kəslər (yəhudilər və məsihilər Quranın öz kitabları ilə uyğun gəlməsini görüb) yəqinlik hasil etsin, möminlərin imanı daha da artsın, kitab əhli və möminlər şəkk – şübhə etməsinlər, digər tərəfdən də qəlblərində (şəkk) xəstəliyi olanlar və bir də kafirlər desinlər: «Allah bu məsəllə (Cəhənnəm məmurlarının sayını deməklə) nə demək istəmişdir? (Heç ola bilərmi ki, yalnız on doqquz nəfər Cəhənnəmin saysız-hesabsız əhlinin yerləşdiyi geniş bir mühiti idarə etsin?!) Beləcə Allah istədiyi kəsi (dəlil-sübutların təqdim edilib tamamlanmasından və onun qəbul etməməsindən sonra) azğınlıqda buraxar və istədiyi kəsi də (dini qəbul etdikdən sonra başqa kamallara doğru) hidayət edər. Rəbbinin ordularını(n sayını) Özündən başqa heç kim bilməz. Bu (Quran ayələri) bəşər üçün yalnız bir xatırlatma (öyüd-nəsihət) vasitəsidir.