Heç vaxt Allahın, vasitəsilə birinizi digərinizdən üstün etdiyi şeyi arzulamayın (kişilər və qadınlar bir-birlərinin şəri, qanuni, cismi və ruhi üstünlüklərini, eləcə də heç bir şəxs və ya dəstə başqasının Allah tərəfindən verilmiş mal, məqam və övlad kimi üstünlüklərini arzulamasın. Çünki bu imtiyaz və üstünlüklər hikmətə və yaradılış aləminin kamilliyinə əsaslanır və ona zidd arzular cəmiyyətdə paxıllığın və fəsadın aşkar olmasına səbəb olur). Kişilərin (ixtiyari və ya qeyri-ixtiyari xüsusiyyətlərlə) qazandıqlarından (əldə etdiklərindən) payları vardır. Həmçinin qadınların qazandıqlarından payları vardır. Allahdan (bir şey istədikdə) Onun fəzlindən istəyin ki, həqiqətən Allah hər bir şeyi biləndir (hər bir kəsə onun xeyrinə olanı verir).