Kafirlərin (ibadət, sədəqə və ixtira kimi) bütün (xeyir) əməlləri hamar yerdəki ilğım kimidir ki, susuz (insan uzaqdan) onu su sayar, nəhayət (gəlib) çatanda onun (heç) bir şey olmadığını görər. (Kafirin ölümü onun həmin ilğıma çatmasıdır ki, onda bütün əməllərinin puç olduğunu görər.) Və Allahı yanında görər və O, onun (əməllərinin) hesabını tamamilə ödəyər (Allah onun yaxşılıqlarının ilğıma çevrilməsinə səbəb olan küfrünün və digər günahlarının cəzasını verər). Allah tez haqq-hesab çəkəndir (hesab günü əməllərin toplanması, zamanın keçməsi və əməl sahiblərinin çoxluğu hesabın vəd olunan vaxtda tez yerinə yetirilməsinə mane olmur).