Əgər səfərdə olsanız və katib tapmasanız (sənəd və şahidin əvəzi) alınmış girovlardır. Əgər sizdən kimsə digər birinə inansa (və girov almasa), gərək inanılan şəxs əmanətini (borcunu) qaytarsın və Rəbbi olan Allahdan qorxsun. (Lazım olan zaman) şəhadəti gizlətməyin. Kim onu gizlətsə, onun qəlbi günahkardır. Allah əməllərinizi biləndir.