Biz peyğəmbərlərimizi yalnız müjdə verən və qorxudan olaraq göndəririk (çünki, hökmlərin icrası imamın vəzifələrindən, mükafat və cəza vermək isə Allahın işlərindəndir). Küfr edən kəslər, vasitəsi ilə haqqı yox etmək üçün batil yerə mübahisə edirlər (qeyri-məntiqi tələblər irəli sürür, Qiyamətin nə vaxt olacağından, Əshabi-Kəhfin sayı və ruhun həqiqəti barəsində suallar soruşurlar ki, şəkk-şübhə yaradaraq Quranı və peyğəmbərlik möcüzələrini aradan aparsınlar). Və onlar Mənim ayə və nişanələrimi, həmçinin qorxudulduqları şeyi ələ salırlar.