Və (mağaraları ekvator xəttinin şimalında, mağaranın ağızı isə cənub qütbünə tərəf olduğu üçün) günəş çıx(ıb yuxarı qalxmağa başlay)an zaman onu onların mağaralarından (onun önündən) sağ tərəfə meyl edən (və şüasını mağaraya saçan), batanda isə (şüasını) onların sol tərəfindən kəsərək əyilən görərsən və onlar həmin mağaranın geniş bir yerində idilər. Bu, Allahın nişanə və möcüzələrindəndir. Allah kimi hidayət etsə o, həqiqi yolu tapmışdır və kimi öz zəlalətində boşlasa, onda onun üçün əsla doğru yol göstərən bir köməkçi və başçı tapmazsan.